SAE – Mühərrik yağlarının viskositesi haqqında!

Yağın ən əsas xüsusiyyətlərindən biri onun axıcılıq (viskositə) qabiliyyətidir. Mühərrikin soyuq havada və isti havada yaxşı işləməsi üçün viskositə çox önəmlidir. Bunun üçün SAE (Avtomobil Mühəndislər Birliyi) bütün fəsillər üçün və yay fəsli üçün axıcılıq göstəriciləri müəyyən etmişdir.
4 fəsil və qış fəsil yağlarında W (winter) yazısı olur. Bunlara həm də multi-grade yağlar deyilir. İlboyu havaların isti keçdiyi ölkələrdə isə yalnız yay fəsil yağlarında rəqəmlər yazılır. Məsələn, SAE 20, SAE 30, SAE 40
Bütün fəsillər üçün yağlarda w hərfindən öncə yazılan rəqəm, minimum hansı temperaturadək yağın istifadə edilə biləcəyinin tövsiyyə edildiyini göstərir. Qış qatılılığını seçərkən, avtomobilin istismar ediləcəyi ərazidə orta qış temperaturunu nəzərə almaq gərəkdir. Nəzərə almaq lazımdır ki, mühərrikin işə salınması zamanı (nəinki soyuq havada, hətta isti havalarda) yağ nasosunun yağı sürtünmə sisteminin bütün hissələrə çatdırması üçün zamana ehtiyacı vardır. Bu müddət ərzində, mühərrik yağ aclığı rejimində çalışır, bu müddətdə hissələrin sürtünməsi və aşınması çoxalır. Belə aydın olur ki, yağ aşağı temperaturlarda axıcılığını nə qədər uzun müddət saxlayarsa, o qədət tez sistemə pompalanacaq və mühərriki işə salınma müddətində qoruyacaqdır.
- Viskositenin nömrəsi artdıqca axıma qarşı dirənci də artır. Yəni, yağın daha qalın yağ olduğu anlamına gəlir.
- Viskosite nömrəsi aşağı düşdükcə, yəni 0 rəqəminə yaxınlaşdıqda, daha yaxşı axan bir yağ olduğunu anlayırıq. Yəni, bu yağın incə yağ olduğu anlamına gəlir.
Belə bir misal göstərmək olar ki, suyun viskositəsi aşağıdır, lakin balın viskositəsi isə yüksəkdir.
Qabların üzərində 2 rəqəm və 1 hərf var. 1ci rəqəm (5w-30) mühərrikin çalışmadığı zaman və soyuq havalarda viskositəsini göstərir.
W – hərfi isə qış fəslində belə temperaturun aşağı düşməsi halında da yağın istifadə edilməsinin mümkün olduğu anlamına gəlir. Əslində, bu hərf yağın bütün fəsillərdə istifadəsinin mümkün olduğu anlamına gəlir.
2-ci rəqəm isə motorun normal işləmə vəziyyətində yağın viskositəsini göstərir. Motorun normal işləmə temperaturu 90’C-dir. Yəni, 90 dərəcə temperaturda yağın viskositəsini göstərir.
Əslində,mühərrik yağları soyuq və isti temperaturda fərqli viskositələrə sahibdir. Mühərrik soyuq olarkən, yağın viskositəsinin aşağı, yəni incə olmasının səbəbi yağın mühərrikin içində hər yerə rahat və sürətli çataraq, hər yerin tez bir zamanda yağlanmasını təmin etməkdir. Mühərrikin hissələrinin aşınmasını, korroziyasını minimuma endirməkdir.
Mühərrik işə düşən zaman, yəni mühərrikdə temperatur yüklənən zaman yağın qalınlaşması və ya qalın olmasının səbəbi isə mühərrik parçalarının arasında daha yaxşı yer alaraq, daha yaxşı yağlanmanı təmin etmək və aşınmanın qarşısını almaqdır.
Əgər avtomobiliniz yenidirsə və ya az sürülübsə, o zaman avtomobiliniz üçün hansı yağın uyğun olduğunu öyrənmək üçün sadəcə avtomobilinizin istehsalçı şirkətinin tövsiyyəsinə baxın. Lakin, bəlli bir kilometraja çatıbsa, artıq fərqli bir yağ tökülməlidir.
5w-30 : Burada 5 rəqəmi yağın qış aylarında ən son hansı temperatura qədər axıcı olduğunu göstərir. 30 rəqəmi isə mühərrikin normal işləmə temperaturu olan 90 dərəcədə axıcılığını göstərir.